Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS
Rayon haqqında
25 May , 2016

   2015-ci ildə Goranboy rayonunun həyatında tarixi bir il kimi yadda qalacaqdır.Goranboy rayonunun yaradılmasının 85 illiyi boyuk təntənə ilə qeyd edilmiş, bu illərdə rayonun keçdiyi şərəfli tarixə nəzər salınmış, görkəmli elm, dövlət, hərb xadimləri, xalq qəhrəmanları, əmək qəhrəmanları anılmış, tarixi əks etdirən səhnəciklər nümayiş etdirilmişdir.
        Goranboy rayonu ilk dəfə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə sahəsi 1231kv.km, əhalisi 36.853 nəfər olmaqla yaradılmışdır.Həmim qərarla isə Goranboyun tarixi torpaqları hesabına sahəsi 555kv.km, əhəlisi 12.578 nəfər olmaqla Aşağı Ağcakənd rayonu yaradılmışdır.8 sentyabr 1938-ci il tarixli qərarla Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov, Aşağı Ağcakənd rayonu isə Şaumyan (kənd) rayonu adlandırılmışdır.1963-1965-ci illərdə ləğv edilmiş Yevlax rayonunun ərazisinin bir hissəsi Qasım İsmayılov rayonunun tərkibində olmuşdur.Azərbaycan Respublikası Ali Sovetinin 12 fevral 1991-ci il tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz sayılmış, Şaumyan (kənd) rayonu ləğv edilərək qədim Goranboyun tarixi torpaqlari vahid bir rayon halında birləşdirilmiş, sahəsi 1791 kv.km, əhalisi 91,5 min nəfər olan Goranboy rayonu yaradılmışdır.
        Goranboy rayonu Kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşir. Səthi  şimala doğru alçalan dağlıq və düzənlikdir. Rayonun cənub və cənub-qərb hissəsini Murovdağ silsiləsinin şimal yamacları, şimalını isə Mingəçevir su anbarının cənub sahili boyunca yerləşən Bozdağ silsiləsi əhatə edir.
       Rayonun şimal-şərq hissəsində mütləq hündürlük 50 m-dən bir az artıq, cənub-şərqdə Murovdağın ən yüksək zirvəsi Gamış dağda 3724 m-dir.
     Goranboy rayonu neft (Acıdərə neft yatağı, Qazanbulaq neft yatağı) əhəngdaşı, gil, barit, gips, tikinti daşı, yodlu yeraltı sular, dalanit və s. kimi faydalı qazıntılarla zəngindir.Goranboy rayonunun iqlim tipləri- yüksək dağlıq iqlimi, qışı quraq keçən soyuq iqlim, qışı quraq keçən və yayı isti keçən yarımsəhra və quru çöl iqlimi.
       Rayon ərazisindən mənbəyi Kiçik Qafqazın şimal-şərq yamacından götürən, Kür çayı hövzəsinə aid olan Kürəkçay, Gorançay, İncəçay, Buzluqçay, Korçay, Qaraçay çayları axır.
      Goranboy rayonunda hazırda 79 ümumtəhsil məktəbi vardı ki, bunlardan 58-i tam orta, 11-i ümum orta, 10-u isə ibtidai məktəblərdir. 32 uşaq bağçası, 1 peşə məktəbi fəaliyyət göstərir.
     Rayonda Heydər Əliyev Mərkəzi, 33 Mədəniyyət Mərkəzi, 32 klub, 41 kitabxana filialı, 2 Tarix – Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, 7 Uşaq Musiqi məktəbi fəaliyyət göstərir.
   Hazırda 170 çarpayılıq Mərkəzi xəstəxana, 90 çarpayılıq Dəliməmmədli şəhər xəstəxanası, 15 çarpayılıq Xanqərvənd kənd xəstəxanası, 20 həkim, 40 tibb məntəqəsi əhaliyə tibbi xidmət göstərir.
      Coğrafi cəhətdən tarixi Azərbaycan ərazisinin mərkəzi hissəsində yerləşən Goranboy abidələrinin arxeoloji təbqiqatları sübut edir ki, xalqımızın tarixi çox qədimdir.
    Araşdırmalarla və faktlarla sübut olunmuşdur ki, ölkəmizin digər ərazisi kimi Goranboy torpağı da türkdilli xalqların yaşadığı və mədəniyyətin təşəkkül tapdığı qədim ərazilərdəndir.
      Goranboyun ərazisi qədim insanların yaşayışı üçün coğrafi cəhətcə əlverişli bir məkan olmuşdur. Bu torpaqlardan Avropa-Asiyanı birləşdirən qədim ticarət karvanı yolları keçmiş, Xəzər və Qara dənizlərə asanlıqla çıxış əldə etməklə İran, Hindistan, Suriya, Çin, Misir, Assuriya, həmçinin Balkan ölkələri ilə iqtisadi, mədəni əlaqələrin qurulmasına səbəb olmuşur.
     Şətəl şəhər qalası (mənbələrdə Şütür qala) Goranboy tarixinin möhtəşəm bir hissəsi olmaqla Azərbaycan tarixçiliyində Goranboyun sütununu təşkil edən güclü faktorlardandır. III əsrdən XIII əsrə kimi Bərdə və Gəncə şəhərləri arasında alınmaz qala olmaqla, həm də Azərbaycan Atabəylər dövlətinin xəzinəsinin etibarlı saxlandığı bir yer olmuşdur.
     Azərbaycanda az qalalar tapılar ki, onun müstəqil möhürü olsun. Möhür o qalalara verilirdi , qalaya hakimlik etmək iqtidarı olan şəxs qüdrətlidir, güclüdür, hadisələrə təsir etmək nüfuzu böyükdür. Şətəl şəhər qalası da bu cür möhürə sahib olmuşdur və möhür hazırda rayon Tarix  Muzeyində saxlanılır.
    Goranboyun tarixi çox qədim tarixdir, qürur doğuran tarixdir. Bu torpağın zəngin mədəniyyəti, çox böyük mənəvi irsi vardır. Bu irs qorunmalı, təbliği olunmalı və öyrənilməlidir.
     Goranboy rayonu tarixən məşhur insanları, nəsilləri, kəndli hərəkatının nümayəndələri, müharibə və əmək qəhrəmanları, dövlət, elm, ədəbiyyat və incəsənət, hərb xadimləri, Milli Qəhrəmanları ilə tanınan bir diyardır. Rayonun tarixinə nəzə saldıqca bu gün ilk olaraq XIX əsrin görkəmli Azərbaycan tarixçisi və ictimai xadimi, “Qarabağnamə”nin müəllifi Mirzə Adığözəlbəy, görkəmli Azərbaycan yazıçısı, publisisti, teatr və ictimai xadimi, Mirzə Adıgözəlbəyin nəvəsi Əsgərağa Gorani fəxrlə yad  edilir. Rayonda bir çox məşhur nəsillər olmuşdur ki, onların nümayəndələrinin Azərbaycan tarixində, elmində böyük xidmətləri böyükdür.
     Səfikürdskilər nəslinin ən görkəmli nümayəndəsi Aslanbəy Səfikürdskidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə poçt, teleqraf və əmək naziri, Ədliyyə və Əmək Naziri vəzifələrində işləmişdir. Qulubəyovlar nəslinin tanınmış nümayəndəsi Rəhim bəy Qulubəyov Qori Müəllimlər Seminariyasını bitirmiş, uzun illər əhalinin maarifləndirilməsi ilə məşğul olmuş, xidmətlərinə görə Lenin ordeni və “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur. Bu gün nəslin davamçıları respublikanın müxtəlif elm sahələrində çalışırlar.
       Rəfililər nəslinin ən tanınmış nümayəndəsi Hacı Həsənin XIX əsrin ikinci yarısında Borsunlu kəndində böyük torpaq sahələri, mülklər, Şəmkirdə və Borsunlu kəndlərində pambıqtəmizləmə zavodları olmuşdur. Bu nəslin ən tanınmış nümayəndəsi filologiya elmlər doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, şair, tərcüməçi, sərbəst şeirin ilk nümunələrinin yaradıcıs, çoxsaylı kitabların müəllifi Mikayıl Rəfili olmuşdur. Nəslin yetirmələrinin səsi bu gün müxtəlif elm ocaqlarından gəlir.
    Goranboy xalq qəhrəmanları ilə də məşhur olmuşdur.Xalq qəhrəmanlarından biri çar hakimiyyətinə qarşı silahlı mübarizə aparmış, öz qoçaqlığı, mərdliyi ilə bağlı haqqında dastanlar yaranan Qatır Məmməd olmuşdur.Təsadüfi deyildir ki, şair Zeynal Xəlil “Qatır Məmməd” pyesini yazmış, onun əsasında “Qatır Məmməd” filmi çəkilmişdir.Rayon mərkəzində Qatır Məmmədin abidəsi ucaldılmışdır.
      Xalq qəhrəmanlarından biri də Dəli Alı olmuşdur.O, qoçaqlığı. Dəliqanlılığı, igidliyinə görə Dəli Alı kimi çağrılmışdır.Onun da əsas məqsədi kənd camaatının rus çar rejimindən və  çarizmin Azərbaycandakı kökləri olan xanların, bəylərin, ağaların zülmündən və köləliyindən qurtarmaq olmuşdur.Ermənilərin törətdikləri vəşilikləri görən Dəli Alı başına topladığı dəstəsi ilə onların yaşadıqları Bayan, Çardaklı və bir neçə kəndləri işğal etmiş, rus jandarmı və kazakları ilə dəfələrlə döyüşə girmişdir.
      Romanov sülaləsinin  300 illiyi münasibəti ilə çar hökümətinin amnistiya haqqında fərmanında Dəli Alı bağışlanır və o, Peterburqa, çar ailəsinin 300 illiyi münasibətilə keçirilən məclisə dəvət edilir. Dəli Alının qəhrəmanlığı bu gün də dillərdə dastan olub.
     Goranboylular Böyük Vətən Müharibəsində də qəhrəmanlıqlar göstərmiş, adlarını tarixə yazmışdır. Onlardan biri Məmməd Məhərrəmovdur. O, Sovet – Finlandiya müharibəsində, 1941-1945-ci illər müharibəsində müxtəlif cəbhələrdə bölmə, vzvod və rota komandirləri olmuş, Krımın, Ukraynanın və Polşanın azad edilməsi uğrunda, Almaniyada gedən döyüşlərdə iştirak etmiş, Dnepr çayının keçilməsində igidlik göstərmişdir. Döyüş şücaətlərinə görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Digər müharbə qəhrəmanlarından biri Sovet İttifaqı Qəhrəmanı İdris Süleymanovdur. İ. Süleymanov Böyük Vətən Müharibəsində Şimali Qafqazda Mozdok yaxınlığında gedən döyüşlərdə vzvod komandiri olmuş, düşmən tanklarının hücumunun dəf edilməsində igidlik göstərmiş və buna görə Sovet İttifaqı Qəhrəmanı adına layıq görülmüşdür.
     Bu qəhrəmanlıq ənənələri Qarabağ müharibəsində də davam etmiş, torpaqlarımız bütövlüyü uğrunda döyüşlərdə goranboylular əsl hünər və qəhrəmanlıqlar göstərmişlər. Torpaqlarımızın bütövlüyü uyğunda rayon 288 şəhid vermiş, 9 nəfər Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür. Onların hər birinin  döyüş yolu, göstərdikləri şücaəti, vətən, torpaq məhəbbəti gənclər üçün örnəyə çevrilmişdir. Bu gün hər bir goranboylu onlarla fəxr edir.
     Goranboy rayonu kənd təsərrüfatı rayonu olmaqla həmişə taxıl, pambıq və digər məhsulların istehsalına görə fərqlənmişdir. Təsərrüfatlarda çalışan neçə-neçə insanlar öz zəhmətləri ilə əmək zirvəsinə yüksəlmiş, yüksək nəticələr əldə etdiklərinə görə keçmiş Sovet İttifaqının ən ali mükafatlarına layiq görülmüşlər. Iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırova, Sosialist Əməyi Qəhrəmanları Manya Kərimova, Mansır Kərimov, Həvayət Qurbanova, İlyas Quliyev, Bəşir Musazadə və Cəlil Məmmədovun qazandıqları əmək qələbələri Goranboyun tarixinə qızıl hərflərlə yazılmışdır. Əmək qəhrəmanlarının bu ənənələri ardıcılları tərəfindən davam etdirilmiş, onlar da əmək cəbhəsində hünərlər göstərmişlər. Lenin ordenli Nağı Bayramov, Lenin ordeni, “Şərəf Nişanı” və “ Oktyabr inqilabı” ordenli, Azərbaycan SSR Ali Sovetinin deputatı Zümrüd Quliyeva, Lenin və “Qırmızı Əmək Bayrağı” ordenli, SSRİ Dövlət Mükafatı Laureatı Qaratel Əliyeva, 2 dəfə “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenli, SSRi Dövlət Mükafatı Laureatı Yaşar Nəbiyev, Lenin ordenli Hüseyn Nəbiyev, Lenin ordenli Zümrüd Həsənova, Lenin və “Qırmızı Əmək Bayrağı” ordenli Paşa İsmayılov belə əmək qəhrəmanlarındandır.
    Goranboylular digər sahələrlə yanaşı dövlət orqanlarında da ləyaqətlə xidmət göstərərək rayonun adını həmişə uca tutmuşlar.Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi, Mədəniyyət Naziri və dövlət Kinomotoqrafiya Komitəsinin sədri işləmiş Abdulla Bayramov, Gəncə, Bərdə, Şəmkir, İmişli rayon partiya komitələrinin birinci katibi işləmiş, Azərbaycan Ali Sovetinin ikinci çağırış, SSRİ Ali Sovetinin üçüncü çağırış deputatı olmuş Rza Aslanov, Astarxanbazar,Biləsuvar, Gədəbəy, Dəstəfur rayon partiya komitələrinin birinci katibi işləmiş Əli Bünyadzadə, “Qırmızı Əmək Bayrağı” ordenli, əvvəllər sovet, təsərrüfat orqanlarında, sonralar Qasım İsmayılov rayon partiya komitəsinin II katibi və rayon XDS İcraiyyə Komitəsinin sədri işləmiş İsa Qurbanov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Təşkilat Şöbəsində inspektor, Balakən, Ucar, Goranboy, Kürdəmir rayon partiya komitələrinin birinci katibi və rayon İcra Hakimiyyətinin başçısı, Dövlətqaçqınkomun sədri, Kənd Təsərrüfatı Naziri vəzifələrində işləmiş və “Şərəf Nişanı” ordeni ilə təltif olunmuş İrşad Əliyev, iki dəfə “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenli, Azərbaycan Kommunist partiyası Mərkəzi komitəsinin kadr hazırlığı bölməsinin müdiri, Kirovabad Vilayət Partiya Komitəsinin şöbə müdirinin müavini və şöbə müdiri vəzifəsində çalışmış Firudin Mustafayev dövlət idarəçiliyində layiqincə işləmişlər.
       Goranboy rayonu həmişə öz ziyalıları ilə tanınıb, onlar Azərbaycan elminə sanballı töhfələr verib və bu gün də ənənə davam edir.
       Texnika elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının və Nyu-York Akademiyasının həqiqi üzvü seçilmiş, Akademik Keldiş adına və “Qızıl Ulduz” medalı ilə təltif olunmuş, Azərbaycan EA Kibernetika İnstitutunun direktoruu Telman Əliyev, Tarix Elmləri doktoru, professor, “Əməkdar elm xadimi”, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Xalq Təsərrüfatı və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsində işləmiş, Yusif Məmmədəliyev mükafatı laureatı Sərvər Aslanov, filologiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, şair, tərcüməçi, sərbəst şeirin ilk nümunələrinin yaradıcısı, çoxsaylı kitabların müəllifi Mikayıl Rəfili, Kanadanın Edmonton Universitetinin professoru, fizika üzrə elmlər doktoru Arzu Sərdarlı, kimya elmləri doktoru, professor, ixtiraları üçün 53 müəlliflik şəhadətnaməsi almış, “Şərəf Nişanı” ordeni ilə təltif olunmuş Aygün Bünyadzadə, geologiya-minerologiya elmləri doktoru, Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü, Dövlət Mükafatı laureatı, neft və qaz yataqlarının kəşfiyyatıvə axtarışı üzrə tanınmış mütəxəssis alim Ziya Bünyadzadə, Kimya elmləri doktoru, 100-dən çox elmi əsərin, 15 ixtira və patentin müəllifi Mikayıl Qulubəyov, tibb elmləri doktoru,professor, 70-ə qədər elmi işin, bir neçə dərsliyin müəllifi Zakir Əliyev olmuşdur.
        Goranboy rayonu el şairləri, yaziçıları və incəsənət xadimləri ilə də məhşurdur.Saz və söz sənətinin əvəzsiz ustadı, respublikanın <<Əməkdar mədəniyyət işçisi>> , <<Səttarxan>> , və <<Şərəf Nişanı>> ordenləri ilə təltif olunmuş Aşıq Hüseyn Cavan, tanınmış el şairi və aşığı, qoşma, qıfılbənd, deyişmə, təcnis, dodaqdəyməzləri indi də el aşıqlarının dilindən düşməyən Bisavad Teymur, Azərbaycan şairi, XX əsr realist əbədi məktəbinin görkəmli nümayəndələrindən biri, şeirlərində mülkədar zülmünü, çarizmin müstəmləkəçilik siyasətini, süründürməçiliyi, qadın azadlığı düşmənlərini, geriliyi qamçılayan,azadlıq ideyalarını təbliğ edən Böyük Sabirimizin davamçısı Əli Nəzmi, yazıçı,SSRİ Yazıçılar İttifaqının üzvü, 15-ə qədər roman, 40-a qədər povest, 150-yə qədər hekayə, mızmun dastan, İsmayıl Qarayev olmuşdur.
      Təhsil, səhiyyə və hüquq-mühafizə sahəsində də öz peşələrinə vurğunluqları ilə seçilən, ad-san qazanan, əməyi dövlət tərəfindən qiymətləndirilən, bu gundə onların həyat və fəaliyyətindən qürurla danışılan yüzlərlə insanlar vardır.
        2009-2015-ci illərdənşəhər 2 saylı tam orta məktəbin direktoru Rəddin Məmmədova, şəhər 1 saylı tam orta məktəbin direktoru Səidə Məmmədovaya,şəhər 2 saylı tam orta məktəbin müəlliməsi Hürü Alıyevaya <<Əməkdar müəllim>> adina layiq görülmüşlər.Rayon Ağsaqqallar şurasının sədri Məzahir Zeynalov, şəhər 2 saylı tam orta məktəbin müəllimi Məryam Rəhimova, şəhər 1 saylı tam orta məktəbin müəllimi Kəmalə Həsənəliyeva, şəhər 2 saylı tam orta məktəbin müəllimi Kəmalə Abbasova, Qaradağlı kənd tam orta məktəbin müəllimi Musa Məmmədov  <<Tərəqqi>> medalı ilə təltif olunmuşlar.
       Goranboy rayonu hərb tarixinə və hüquq-mühafizə orqanları sisteminə layiqli kadrlar yetişdirmişdir. General-mayor, Azərbaycan Respublikasının Müdafiə Naziri işləmiş, hazırda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Dadaş Rzayev, General-mayor, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis idarəsinin rəisi işləmiş Oqtay Əliyev vətən qarşısında, dövlət qarşısında xidməti borclarını ləyaqətləə yerinə yetirərək bu ali rütbəyə yüksəlmişlər.
      Goranboy rayonunun tarixinə qısaca ekskursiya etməyin başlıca səbəbi odur ki, gənc nəsil bu barədə məlumatlansın, öz keçmişləri ilə fəxr etsin, gələcəyə ümidlə baxsın.
     Bu gün Goranboy inkişaf edir, abadlaşır, gözəlləşir. Əhalinin firavan həyatı üçün infrastruktur lahiyələr həyata keçirilir. Bütün bunlar Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla və yaradıcılıqla yerinə yetirən Prezident İlham Əliyevin bütün bölgələrlə yanaşı Goranboy rayonuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Dövlət başçısının 2009-2015-ci illərdə 4 dəfə rayona səfəri, rayonun  sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı 6 səreəncam imzalaması Goranboy rayonunun simasını başdan – başa  dəyişdirmişdir.
     2015-ci il Goranboy rayonunun yaradılmasının 85 illik yubileyinin qeyd olunduğu tarixi bir ildir. Goranboy rayonu əvvəlki illərdə olduğu kimi bu yubiley ilin də uğurla başa vurmuşdur.
      Göründüyü kimi Goranboy rayonu sürətlə inkişaf edir, müasirləşir, əhalinin maddi rifah halı günü-gündən yaxşılaşır.

Turizm:

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 12 ildə ölkədə turizmin inkişaf etdirilməsini prioritet sahə hesab edərək bu istiqamətdə çox mühüm sənədlər imzalamışdır.Bu sənədlərdən mühüm əhəmiyyət kəsb edən <<Azərbaycan Respublikasında turizmin inkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı>> uğurla icra edilir, turizm sahəsində yeni-yeni infrastrukturlar yaradılır. Dövlətimizin bu sahəyə qayğısının nəticəsidir ki, 2011-ci il Azərbaycanda <<Turizm ili>> élan edildi.İl çərçivəsində yeni layihələr reallaşdırıldı.Bu gün artıq Azərbaycan beynəlxalq aləmdə turizm ölkəsi kimi taninir. Azərbaycanda hər il beynəlxalq turizm sərgisi təşkil edilir, bu sargidə turizm sahəsində təcrübəsi olan ölkələr iştirak edir.Təkcə ötən ildə 80-dən çox mehmanxana və mehmanxana tipli obyektə xüsusi razılıq verilib. Hazırda belə obyektlərin sayı 300-dən artıqdır ki, onlarinda yaridan çoxu bölgələrdə fəaliyyət göstərir.
         Bu gün Azərbaycan turizm ölkələri arasında turizm növlərinin müxtəlifliyi ilə seçilir. Buna biznes turizmini, istirahət turizmini, sağlamlıq turizmini və s. misal  göstərmək olar. Eyni zamanda Azərbaycanda saysız-hesabsız tarixi abidələr, turizm marşrutları, xaricilərə tanıtmaq  üçün beynəlxalq standartlara cavab verən turizm-istirahət mərkəzləri vardır. Bu sahənin inkişafı ilə bağlı kreditlər və subsidiyalar ayrılır. Məhz turizmin inkişafının nəticəsidir ki, ildən-ilə ölkəmizə turizm axını güclənməkdədir.
           Son illərdə Goranboy rayonunda turizm inkişaf etməyə başlayıb.Hazırda Goranboy ərazisində Qala və Goranboy Hotel fəaliyyət gostərir. Əsasən dağlıq zonada yerləşən Gülüstan ərazisi turistləri özünə cəlb edir. Bu ərazi meşələri, dağ çayları və buz bulaqları ilə məşhurdur. Son dövrlərdə səyahət edənlərin dincəlməsi üçün münbit şəraitdəyaradılıb.
       Goranboy rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gündüz Hacıyevin sözlərinə görə, rayonun Gülüstan ərazisi, Ağcakənd, Todan, Buzluq, Mənəşli kəndləri turizm üçün çox əlverişlidir: “Son dövrlərdə burada 4 istirahət mərkəzi istifadəyə verilib, Yuxarı Ağcakənd ərazisində daha bir istirahət mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub”. 

       Mədəniyyət: 

        2015-ci il rayonun mədəni həyatinda bir çox yeniliklərlə yadda qalmışdır.İlk növbədə mədəniyyət müəssisələrinin maddi – texniki  bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilmişdir.Goranboy şəhər, Hazırəhmədli, Sarov, Şəfəq, Nizami kənd mədəniyyət mərkəzlərində, Şəfəq, Tap Qaraqoyunlu, Borsunlu kənd kitabxana filiallarında, Mərkəzi Kitabxana Sistemində, rayon Tarix-Diyarşünaslıq Muzeyində əsaslı təmir işləri aparılmışdır. Rəsm Qalereyasının binasının təmir işləri başa çatmaq üzrədir. Goranlı kəndində Elektron Kitabxana, Dəliməmmədli şəhər Uşaq Musiqi məktəbi üçün 8 otaqdan ibarət əlavə tədris korpusunun tikintisinə,Rus Borisi kənd Mədəniyyət mərkəzində və kitabxanasında əsaslı təmir işlərinə başlanılmış, hazırda davam etdirilir. Mədəniyyət müəssisələrinin invertar və avadanlıqlar, elektron informasiya daşıyıcıları ilə təminatı il ərzində diqqətdə saxlanılmışdır.
        Hesabat dövründə Mədəniyyət və turizm şöbəsi tərəfindən bir cox rayon əhəmiyyətli tədbirlər keçirilmişdir. Ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı 10 may – Gül  bayramı, Goranboy rayonunun yaradılmasının 85 illiyi, 28 may – Respublika  günü, Qərb bölgəsi üzrə ilk dəfə 6 rayonun iştirak etdiyi regional xalça sərgisi, Novruz şənliyi və digər tədbirlər rayonun mədəni həyatinda yadda qalan tədbirlərdir.
        Gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik və azərbaycançılıq ruhunda tərbiyə olunmasında Heydər Əliyev Mərkəzində keçirilən tədbirlərin böyük əhəmiyyəti olmuşdur.İl ərzində bu mövzu ilə bağlı Mərkəzdə 24 tədbir keçirilmiş, 3114 nəfər Mərkəzin xidmətindən istifadə etmişdir. Azərbaycan xalqının zəngin mədəniyyətinin, tarixinin, folklor və etnoqrafiyasının təbliği və tanıdılmasında rayon və Xoylu kənd Tarix – Diyarşünaslıq  Muzeylərinin imkanlarından istifadə olunmuş, il ərzində müxtəlif tədbirlər keçirilmiş, 3000-dən çox insan muzeylərin xidmətindən istifadə etmiş, hər iki muzeyin fondlarına daxil olmuş 52 maddi mədəniyyət nümunələri tamaşaçılara nümayiş etdirilmişdir.
         51 nəfər xarici ölkə vətəndaşı muzey tamaşaçılarının sırasında olmuşdur. 2015-ci ildə Dövlət Rəsm Qalereyası tərəfindən 11 rəsm sərgisi təşkil olunmuş, gənc rəssamlardan Lamiyə Mustafayevanın, Çinarə Xəlilzadənin fərdi yaradicılıq sərgiləri keçirilmişdir. Eyni zamanda Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan rəsm əsərləri Naftalan şəhərində və Xocalı rayonunda nümayiş etdirilmişdir.
         Əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə yerli aktyorların və həvəskarların iştirakı ilə <<Qəhrəmanlıq nümunəsi>> , <<Hacı Qara>> , <<Dəli Alı>>  əsərlərindən hazırlanmış tamaşalar göstərilmiş, <<Fəryad>> , <<Ruhların Fəryadı>> , <<Qatillə görüş>> , <<Xoca>> <<Bəxtiyar>> , <<Axırıncı aşırım>> filmləri nümayiş etdirilmişdir.
    2015-ci ildə mədəniyyət müəssisələrində keçirilən tədbirlərlə bağlı televiziya və kütləvi-informasiya mərkəzində 26 məlimat verilmişdir.
       İstedadlı və qabiliyyətli uşaqların üzə çıxarılması və onların yaradıcılıq potensialının  inkişaf etdirilməsi məqsədilə Uşaq Musiqi məktəblərinin imkanlarından maksimum istifadə edilmişdir. 2015-ci ildə Musiqi məktəblərinin bir qrup şagirdləri müxtəlif nominasiyalar üzrə respublika müsabiqələrində iştirak etmişlər.
     Goranboy şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işləri Bakı şəhərində rəssamlıq ixtisası üzrə keçirilən <<Baharın rəngləri>> adlı sərgidə nümayiş etdirilmişdir. Məktəbin rəssamlıq ixtisası üzrə III sinif şagirdi müəllimi Əzanə Qarayeva ilə Azərbaycan Dövlət Xalça Muzeyinə dəvət olunmuş, muzeyin təcrübəli toxucusu Lalə xanımdan ustad dərsi almışdır.Xoreoqrofiya Akademiyasına dəvət olunmuş , respublikanın xalq artisdi Yusif Qasımovdan ustad dərsi almışdır.
     Səfikürd kənd Uşaq Musiqi məktəbinin III sinif şagirdi Ceyran Abdullayeva və Şəbnəm Ələkbərova Xan Şuşinski adına II Respublika Muğam Festivalında fəal iştirak etdiklərinə görə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşlar.
         Xan Qərvənd kənd uşaq musiqi məktəbinin V sinif şagirdi İbrahim Aslanov <<Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçıları>>n;n  III Respublika müsabiqəsində fərqləndiyinə görə Mədəniyyət və Turizm Nazirliyinin Tərifnaməsinə layiq görülmüşdür.
       Qızılhacılı qəsəbə Uşaq Musiqi məktəbinin səs sinfinin şagirdləri Elşad Nəcəfov, Fərid Məmmədov Xan Şuşinski adına II Respublika muğam müsabiqəsində fəal iştirak etdiklərinə görə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərman, tar ixtisası üzrə 5-ci sinif şagirdi Rəsul Hacıyev isə Xalq çalğı alətləri ifaçılarının III Respublika müsabiqəsində Diplom ilə, Borsunlu kənd Uşaq Musiqi məktəbinin şagirdi Şəfa Əsədova uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçilarının III Respublika müsabiqəsində, Dəliməmmədli şəhər Uşaq Musiqi məktəbinin xanəndəlik sinfinin şagirdi Cavanşir Məmmədov Xan Şuşinski adına II Respublika Muğam Festivalında Tərifnamə ilə təltif olunmuşdur.
          Ağamalıoğlu kənd Uşaq Musiqi məktəbinin şagirdi Hikmət Kazımovun rəsm işləri BMT-nin təşəbbüsü ilə Çexiya Respublikasında keçirilən beynəlxalq müsabiqədə birinci yeri tutaraq Diploma, məktəbin xanəndəlik sinfinin şagirdi Ömər Orucov Xan Şuşinski adına III Respublika Muğam Festivalında Diploma, məktəbin tar sinfinin şagirdi İlqar Cəfərov xalq çalğı alətləri ifaçılarının III Respublika müsabiqəsində Tərifnaməyə, məktəbin xanəndəlik sinfinin şagirdi Səadət Tağıyeva III Beynəlxalq Muğam Festivalında Diploma, məktəbin fortepiano sinfinin şagirdi Nuray Cəfərova Qara Qarayevin yubileyi ilə əlaqədar uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının respublika müsabiqəsində Sertifikata layiq görülmüşdür.